Ermənistan Azərbaycanın irəli sürdüyü 5 maddəlik sülh təklifinə cavab olaraq təklif verdi

Ermənistan Azərbaycanın irəli sürdüyü 5 maddəlik sülh təklifinə cavab olaraq təklif verdi
Ermənistan Azərbaycanın irəli sürdüyü 5 maddəlik sülh təklifinə mövqeyini açıqlayıb.

Bu barədə "Xəzər Xəbər"ə eksklüziv açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov məlumat verib. 

Xezerxeber.az-ın xəbəRinə görə, nazir C.Bayramov bildirib ki, Vaşinqton görüşündə Ermənistan tərəfi də Azərbaycanın irəli sürdüyü ilkin sülh təklifinə cavab olaraq öz təklifini verib. Nazirin sözlərinə görə, təkliflər ətrafında müzakirələr aparılıb. C.Bayramov əlavə edib ki, hər iki təkliflər paketində müxtəlif yanaşmalar var, tərəflərin fikir ayrılıqları mövcuddur: "Bu istiqamətdə danışıqlar davam edəcək. Düşünürəm ki, müəyyən dövrdən sonra Azərbaycan tərəfi növbəti versiyanı hazırlayıb qarşı tərəfə təqdim edəcək".  

Qeyd edək ki, noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də baş tutub.

Xezerxeber.az Azərbaycanın sülhlə bağlı qarşı tərəfə təqdim etdiyi ilkin təklifi təqdim edir:

- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Şərhlər (0)

şərh əlavə et