Paşa Talıblıdan yeni şeirlər: "Gicgaha sıxılan güllə gözəldi..."

Paşa Talıblıdan yeni şeirlər: "Gicgaha sıxılan güllə gözəldi..."
*
...əlində toru yoxuydu,
gözünün toruna düşdüm.
...baxa-baxa düşdüm tora,
qoruna-qoruna düşdüm!

...torunun sapı ipəkdən,
sallanır əldən-ətəkdən.
...darıldım dustaq ürəknən,
vaxtın da darına düşdüm.

Axırda vuruldum tora,
vuruldum, yar oldum tora!
...mən özüm sarıldım tora,
sarına-sarına düşdüm.


*
Gözün qabağında nə qədər kor var,
qulağın dibində nə qədər kar var.
...nə qədər yollar var, nə qədər karvan!
Dünya, qoca dünya, gələk yanına!

...bir var məhəkdaşı, bir də var məhək!
...söz dolu mərəkə, qurd dolu mərək!
...iblis donundasa indiki mələk,
dünya, qoca dünya, gələk yanına!

...ocağı sınama küllə...gözəldi!
...saldığın gülüstan güllə gözəldi!
...gicgaha sıxılan güllə gözəldi!
Alnımız güllənsin...gələk yanına!

...qırçı da demişik qır adamına,
gorgah da tikmişik gor adamına.
...şam yandır, yığışaq qara damına
dünya, qoca dünya, gələk yanına!

...yeddi qat ərş səndə, fələk yanında,
cənnət qucağında, mələk yanında!
...qalaq ətəyində, ölək yanında-
dünya, qoca dünya, gələk yanına!
Paşa Talıblı

Şərhlər (0)

şərh əlavə et