“Vannanı su ilə doldurdum…” – Elza ölünün dalınca danışdı

“Vannanı su ilə doldurdum…” – Elza ölünün dalınca danışdı
“İlhamə Quliyeva məni restorana dəvət edirdi, getmirdim. Çünki gedəndə qeybət eşidirdim. Xüsusilə də Flora Kərimova haqqında qeybət edirdi. Mən isə onun o sözlərini təsdiq etmirdim. İlhamə xanım nəsə deyəndə də nəsə cavab verməli idim. Mən isə susurdum”.

KNN.AZ xəbər verir ki, bu sözləri Əməkdar artisti Elza Seyidcahan “Retro Baku” verilişinə müsahibəsində deyib.

Müğənni mərhum Xalq artisti İlhamə Quliyeva ilə aralarındakı mübahisələrdən danışıb:

“Konsertimdən bir gün əvvəl İlhamə xanıma zəng vurdum ki, sizin “Göygöl” mahnınızı oxumaq istəyirəm. Mənə icazə verirsiniz? Cavab verdi ki, oxu. Konsertimə gəldi və mahnını oxuyandan sonra ayaq üstə məni alqışladı. Sonra mənə zəng vurub restorana dəvət etdi. Bacım Lalə ilə onun yanına getdim. Bol süfrə açılmışdı. Dedi ki, anam ölüb, heç kimim yoxdur. 4 ildir ki, konsert etmirəm. Ağladı…

Dedim ki, İlhamə xanım ağlamayın. Biz də sizin bacılarınızıq. Dedim ki, sizə konsert verməyə kömək edərəm. Ondan sonra İlhamə xanıma yazıb, bəstələdiyim “Ağ çiçəyim” mahnısını hədiyyə verdim. Dedim ki, bu mahnı ilə sizə layihə edək.

“Ağ çiçəyim” mahnısının təqdimatına gecikdim. Halbuki bir gün əvvəl söyləmişdi tədbirə bir saat tez gəl. Çünki hörmətli qonaqlar gələcək və onları qarşılamaq lazımdır. Mən də bir saat gecikdim. İlhamə xanım isə təqdimata bir saat tez gəlmişdi və gözləmişdi.

O, təqdimata tək də başlaya bilərdi. Amma görün bəstəkara, yəni mənə necə hörmət edib ki, mənsiz təqdimata başlamayıb və gözləyib. Gələndən sonra da mənə söylədi ki, sən kimsən axı, təqdimata gecikirsən?!”

Bəstəkar illər əvvəl İ.Quliyevanın müsahibələrin birində söylədiyi “Ayaqlarımı yaxşı yuyursan” sözlərinə də aydınlıq gətirib:

“Seçki öncəsi rayonlara konsertlərə gedirdik. Kəskin soyuq, qış havası idi. İlhamə xanımın təzyiqi qalxmışdı və gözlərinə qan yığılmışdı. Mən də Tovuzda idim. Onun ayağına su qoymalı idim, çünki təzyiqi qalxmışdı. Rayon yeri olduğundan sular da donmuşdu. Çətinliklə su tapdım. Vannanı su ilə doldurdum ki, ayaqlarını suya qoysun.

O, saçını darayıb, əynini geyinib yatdı. Mən də öz otağıma gedib yatdım. Sonra isə efirdə İlhamə xanım dedi ki, ayaqlarımı yaxşı yuyursan. Mən isə yenə də deyirəm ki, ayağını da yuyaram. Ayaq yumaq daxili zənginlikdən xəbər verir”.

Şərhlər (0)

şərh əlavə et