Azərbaycanda məktəb direktorunun rüşvət alarkən çəkilmiş görüntüləri - VİDEO - YENİLƏNDİ

Azərbaycanda məktəb direktorunun rüşvət alarkən çəkilmiş görüntüləri - VİDEO - YENİLƏNDİ
Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
 
Knn.az xəbər verir ki ,Mingəçevir şəhər Prokurorluğundan Oxu.az-a verilən məlumata görə, araşdırma zamanı Azər Qazıyevin qeyd edilən təhsil müəssisəsində direktor vəzifəsini icra etdiyi 2020-2023-cü illər ərzində  məktəbdə texniki vəzifədə çalışan, işə davamiyyəti olmayan işçilərə əməkhaqqı ödənilməsi yolu ilə 26 min manatdan artıq dövlət vəsaitini mənimsəməsi və israf etməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Fakta görə Mingəçevir şəhər prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.
 
***
 
14:30
 
“1400-ə yaxın şagirdin təhsil aldığı Mingəçevir şəhər 4 saylı tam orta məktəbin direktoru rüşvət alaraq müəllimlərə dərs saatı satır”.
 
Knn.az xəbər verir ki, bu iddiaları sözügedən məktəbin coğrafiya müəlliməsi Həbibə Yuldaş qızı Rahibova Oxu.Az-a açıqlamasında səsləndirib.
 
O bildirib ki, 20 ilə yaxındır məktəbin direktoru olan Azər Arif oğlu Qazıyev hər dərs saatı üçün müəllim heyətindən 50 manat məbləğində rüşvət alır:

“20 ilə yaxındır bu məktəbdə vəziyyət bu cürdür. Bununla bağlı aidiyyəti qurumlara da müraciət etmişəm. Hətta məktəbin direktoruna Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb. 2023-cü ilin sentyabr ayında biz rüşvət verərkən bunu videoya da çəkmişik. Artıq direktor mənə müxtəlif yollarla təzyiq edir. Məni ailəmlə, qızlarımla təhdid edir, məktəbin yuxarı sinif şagirdlərini də öyrədib məni müxtəlif yollarla ifşa etmək istəyir. Mən bununla bağlı iki dəfə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət etmişəm. Bir neçə şagird cərimələnib və altı ay müddətinə nəzarətə götürülüb.
 
Mənimlə danışan müəllimlərə, şagirdlərə müxtəlif yollarla təzyiq edilir. Məktəbdə artıq ruh kimi gəzirəm, heç kim mənimlə danışmır. Səbəbi isə direktorun təzyiqi və mənim direktorla açıq mübarizə aparmağımdır”.
 
Səsləndirilən iddialarla bağlı sayta açıqlama verən məktəb direktoru Azər Qazıyev bildirib ki, məsələ prokurorluq tərəfindən araşdırılır, nəticələri ilə bağlı cavab gözlənilir:
 
“Mən 1986-cı ildən bu məktəbdə çalışıram. 2005-ci ildən isə direktor vəzifəsində çalışıram. Respublikanın qabaqcıl təhsil işçisiyəm, “Tərəqqi” medalına layiq görülmüşəm. Mənə qarşı qurulma bir işdir. İş prokurorluqdadır, araşdırmalar aparılır. Bu yaxınlarda da maliyyə yoxlamaları aparıldı. Yoxlamaların və araşdırmaların nəticələrini gözləyirik”.  
 
Həmin görüntüləri təqdim edirik:

Şərhlər (0)

şərh əlavə et