Rəşad Dağlı: “Pul versəydim “üzdən iraq” olmayacaqdım” - VİDEO

Rəşad Dağlı: “Pul versəydim “üzdən iraq” olmayacaqdım” - VİDEO
2022-ci il noyabrın 9-u səhər saat 5-də vətəndaş Samir Adıgözəlov Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, Lökbatan dairəsi yaxınlığında naməlum şəxsin qətlə yetirilməsi haqda məlumat verib.

Bundan 40 dəqiqə sonra Rəşad Dağlı kimi tanınan meyxanaçı, 1984-cü il təvəllüdlü Rəşad Əmirov Yasamal rayon Polis İdarəsinin növbətçi hissəsinə yaxınlaşaraq təslim olub. O, Qaradağ rayonu ərazisində aralarında baş vermiş mübahisə zamanı İskəndər adlı şəxsi öldürməsini bildirib.  

Məlum olub ki, hadisə Bakı-Qazax magistral yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində, kənar dairəvi yolunun səkkizinci kilometrində baş verib. Prokurorluq və polis əməkdaşlarının hadisə yerinə keçirdikləri baxış zamanı sel sularının axıntısı üçün nəzərdə tutulmuş beton örtüklü arxda üzü üstə uzanıqlı halda kişi meyiti aşkar ediblər.

Rəşad Əmirovun idarə etdiyi “Niva” markalı (10-VR-009) avtomobilə baxış keçirilərkən, saxlanc yerində kütlə və salonun bəzi yerlərində damcı halında qan ləkələrinin olması müəyyən edilib. 

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, İskəndər Mehdiyevin bədən səthində 14 ədəd bıçaq xəsarəti, qanında isə narkotik vasitə heroin və amfetamin aşkar edilib.

Narkoloji Mərkəzdə keçirilmiş tibbi müayinə əsasən, Rəşad Əmirovun qanında hər hansı narkotik maddə aşkar edilməyib. Narkoloji Mərkəzdən göndərilən məktuba əsasən, İskəndər Mehdiyev 2018-ci ildə “asılılıq sindromu” diaqnozu ilə könüllü surətdə stasionar müalicədə olub.

Şərhlər (0)

şərh əlavə et