BMT missiyasının Qarabağdakı gizli planı - Bakı müqavimət göstərəcək

BMT missiyasının Qarabağdakı gizli planı - Bakı müqavimət göstərəcək
Xəbər verdiyimiz kimi, Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Tank əleyhinə mina partlayışı nəticəsində Qazel markalı maşının sürücüsü 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, Kamaz tipli yük maşınının sürücüsü 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

Xocavənd rayonunda isə 1 nəfərin ölümü, digər şəxsin isə xəsarət alması ilə nəticələnən mina partlayışı baş verib.

Qeyd edək ki, 10 noyabr 2020 - 19 sentyabr 2023 tarixləri aralığında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində ümumilikdə 333 nəfər vətəndaş mina terrorunun qurbanı olub.
Mina terroru dünya ictimaiyyətinin, xüsusilə son dövrlər regiona daha çox diqqət ayıran Birləşmiş Millətlər Təşkilatının (BMT) gözləri qarşısında baş verir. Amma bu təşkilat və onun nəzarətində olan qurumlar bir dəfə də olsun Ermənistana bununla bağlı bəyanat verməyib, BMT-də məsələ qaldırmayıb. 

Həmçinin BMT nə işğal dövründə, nə də Vətən Müharibəsindən sonra azad olunmuş ərazilərdə məhv edilmiş mədəni irs, dağıdılmış məscidlər, minalanmış yaşayış məntəqələri, yer üzündən silinmiş şəhərlər və kəndlər barədə faktlar toplamaq üçün bölgəyə gəlmək istəməyib. Həm adıçəkilən beynəlxalq təşkilat, həm də UNESCO rəsmi Bakının müraciətlərini cavabsız qoyub.

Hazırda isə BMT Qarabağ ətrafında baş verən proseslərə xüsusi həsasslıqla yanaşmağa başlayıb. Azərbaycanın uzun illər etdiyi çağrışlara cavab verməyən BMT missiyası Qarabağdakı lokal antiterror tədbirlərindən sonra 2 dəfə bölgəyə gəlib. Amma 30 ilə yaxın qaçqın həyatı yaşayan azərbaycanlıların deyil, Qarabağdan könüllü çıxan və hazırda orada yaşayan ermənilərin taleyi ilə maraqlanmaq üçün. Düzdür, bölgəyə gələn BMT missiyası Azərbaycana qarşı istifadə etməyə heç bir dəlil tapmayıb və əliboş geri qayıdıb.
Amma müşahidələr göstərir ki, niyyətləri Qarabağda daim fəaliyyət göstərmək, bölgədə nümayəndəlikdə açmaqdır. Çünki zaman-zaman Qərb rəsmiləri Qarabağla bağlı bəyanatlarında BMT missiyasının bölgəyə göndərilməsinin vacibliyinə toxunurlar. Bu səbəbdən, Ermənistanın baş naziri Nikol Paşinyan da bir neçə dəfə Rusiya sülhməramlılarının BMT missiyası ilə əvəz olunmasını təklif edib.

Hazırda Qarabağ ermənilərinin bölgəni könüllü tərk etməsi Qərb təsisatlarının əlinə belə bir fürsəti verə bilər. Proseslər göstərir ki, Qərb Qarabağ ermənilərini bölgəyə BMT bayrağı altında qaytarmaq, paralel olaraq, onların təhlükəsiz yaşamasını təmin etmək üçün bölgədə daimi missiyanın formalaşdırılmasını planlaşdırır. Fransanın da BMT-də Qarabağ ermənilərinin geri dönüş məsələsini müzakirəyə çıxarmasının kökündə bu niyyət dayanır. Sanki Qarabağ ətrafında yaranan vəziyyəti fürsət bilib bölgəyə daxil olmaq istəyirlər.
Hazırda Azərbaycan da BMT missiyası ilə işləməkdə maraqlı görünür. Əgər belə olmasaydı, rəsmi Bakı antiterror tədbirlərindən sonra  missiyanı Qarabağa buraxmazdı. Amma bu o demək deyil ki, BMT missiyası daim qalmalıdır. Müşahidələr göstərir ki, rəsmi Bakı BMT missiyası ilə yalnız ad-hoc - yəni müvəqqəti əsasda işləmək niyyətindədir. Təbii ki, bu proses BMT-nin Bakıdakı ofisi ilə həyata keçirilməlidir. Ona görə də missiyanın Azərbaycanın hansısa bölgəsində yeni ofis qurmasına, daim ərazidə fəaliyyət göstərməsinə əsas yoxdur.

Digər tərəfdən, əgər BMT missiyası Qarabağda hər hansı monitorinq həyata keçirmək istəyirsə, ikilistandart nümayiş etdirməməlidir. Qarabağın erməni əhalisi ilə yanaşı, azərbaycanlı əhalisinin problemləri ilə maraqlanmalı, 30 illik işğal dövründə dağıdılan məscidlərin və digər abidələrin monitorinqini həyata keçirməlidir. Həmçinin 1 milyon qaçqın və məcburi köçkünün problemlərinə, mina terroruna, kütləvi məzarlıqlarla bağlı məsələyə və Qərbi Azərbaycanda dağıdılmış tarixi-mədəni abidələrə, qaçıqınların geri dönüşünə diqqət ayırmalıdır.
Müşahidələr göstərir ki, əgər BMT missiyası bölgəyə yalnız Qarabağ ermənilərinin "problemlərinin" həlli, "təhlükəsizlik" məsələləri ilə bağlı gəlmək fikrindədirsə, rəsmi Bakı qurumla əməkdaşlıqda maraqlı olmayacaq. Çünki Bakı həmişə ikilistandart siyasətə qarşı qəti mövqe nümayiş etdirib.

Şərhlər (0)

şərh əlavə et