Bakılı qadının İrkutska məhbəs həyatı: zonda yaşanan eşq macəraları – Oğru dünyası

Bakılı qadının İrkutska məhbəs həyatı: zonda yaşanan eşq macəraları – Oğru dünyası
Əvvəli burada

Bir ay paylama məntəqəsində bit əzdikdən sonra İrkutsk yaxınlığındakı qadın düşərgəsinə yatab olundum.

...Hələ uşaqlıqda doğum evində şəfqət bacısı işləyən anam mənə iynə vurmağı, sarğı qoymağı, bəzi xəstəliklərdə lazım olan dərmanların adlarını öyrətmişdi. İşimdə “natamam ali təhsilli” sözləri yazılmışdı. Başqa zonlarda xəstəxanada tibb bacısı kimi çalışdığım barədə də qeydlər vardı. Cığal Adil İrkutska gələndə düşərgənin xozeyininə “hörmət” edərək məni lazaretdə tibb bacısı yerinə işə düzəltmişdi. Elə xəstəxananın həyətində, əvvəllər tibb ləvazimatları saxlanılan ikiotaqlı tikilidə gecələyir, gündüzlər gah “rabzon”da, gah baraklarda, gah da “sançast”da xəstə məhbuslara yardım göstərirdim.

“Zakonnik”lərlə tanışlığıma görə “xozeyin” də, “kum” da mənə gözün üstə qaşın var demirdilər, yaşamaq üçün lazımi şərait də yaratmışdılar. Otağımda soyuducu, maqnitofon, paltaryuyan maşınım vardı. Son dəfə Adil yanıma gələndə Şövkət Ələkbərovanın lent yazılarını gətirmişdi.

Alnımın qırışısan...

Necə unudum səni?!

– Bu səsi eşidəndə sanki təzədən beşiyə bələnirəm, yenidən doğuluram. Onun səsi məni başqa dünyaya, başqa duyğulara aparır. Sanki körpəlikdə başa düşmədiyim ana laylasının qəlb titrədən zərif melodiyasında əriyirəm, süd gölündə üzürəm.

Bu səs məni üçüncü dünyaya qovuşdurur... Arzular dünyasına, xəyallar aləminə, ucsuz-bucaqsız asimana qaldırır bu səs məni. "Ya Rəbbim, bu sevgi haradan gəlib?" deyərək, Şövkət xanımla birlikdə təkrarlayıram bu sözləri... və sonsuz ümmanlar içində itib-batıram.

"Bu dünya bir dolu kuzəyə bənzər,

Suyu gah şirindir, gah da ki, zəhər"

Həmin səsi, həmin mahnını bütün ömrüm boyu axtarmışammış! Bu mahnını şair, bəstəkar yaratmayıb. Elə qadınların içindən süzülən sevgi naləsidir bu mahnı! Yoxsa insanı belə hipnoz etmək, ovsunlamaq olarmı? İnsanın duyğuları nə dərəcədə ehtizaza gələr, vulkana dönüb püskürərmiş, İlahi?!

Şövkət xanım oxuyanda yay tətillərində uşaqlığımı keçirdiyim Ağdam, Şuşa, Kəlbəcər, Zəngilan yadıma düşür... Həmişə dağların başını yalayan duman kimi gözlərim önündən o dərələr, o yamaclar, o cığırlar ötür, mahnıya qarışıb əriyirəm...

O oxuyanda gəncliyimi yaşadığım Rusiyanın, Sibirin ucsuz-bucaqsız meşələri xəyalımda canlanır. Koloniyalardakı məhbuslar, onların keçirdikləri xiffət, həmişə dumanlı, nəmli gözlər yadıma düşür. Üşüyürəm! Donuram!

Şövkət xanım oxuyanda qəlbimin bir küncünə sıxılmış ürkək, yaralı məhəbbətimin qaysağı qopur, həyatım boyu fikrimdə yaratdığım möhtəşəm sevgi imarəti uçulur, xarabazara çevrilir, ağlayıram...

Məhbəs düşərgələrində isə başqa mahnılar məni fikir dünyasına aparırdı.

Я помню тот Ванинский порт,

И вид пароходов угрюмый,

Как шли мы по трапу на берег,

И холодные, мрачные тюрьмы.


LYUBA VƏ VASİLİ

Зачем вы девушки, женатых любите,

Одни страдание, от той любви.

Ünsiyyət etdikcə, yaxınlaşdıqca məhbəsin ancaq tikanlı məftillərin əhatəsində yaşadıqları sahədə deyil, onların daxilində, qəlblərində də çalın-çarpaz yaralar saldığını görürdüm.

Lyuba Sokolova adında bir qız vardı düşərgədə... Uşaqlıqda oxuduğum nağıllardakı şahzadə qızlar qədər gözəl idi. Cəmisi iyirmi üç yaşı olmasına baxmayaraq, bəzən gözlərindəki qocalara məxsus aqilliklə baxırdı həmsöhbətinə. İşdən qayıdandan sonra buz kimi su ilə başdan-ayağa yuyunar, “vatnik”in əvəzinə ipək don geyinərdi. “Valenka” və ya “kirzovıy sapoq”larını təmizləyib bir bucağa qoyar, dikdaban tuflilərini keçirdərdi ayaqlarına...

Zonda hamı bilirdi ki, o, “sançast”ın həkimi (o da məhbus idi) Vaska Sokolova vurulub. Üç ay əvvəl lazaretə düşmək xatirinə ikitərəfli sətəlcəmlə xəstələnmişdi. Buraya düşmüş gözəllərin heç birini əldən buraxmayan Vaska onun da saqqızını oğurlamışdı.

Əynini dəyişərək ayna qabağında oturub saatlarla qızılı saçlarını darayan Lyubaya yazığım gəlirdi. Yavaş-yavaş hamı kimi onunla da ünsiyyət yaratmağa çalışdım.

Adam öldürməyə görə altı il ciddi rejim almışdı... Dörd ildən də çoxunu oturmuşdu.

– Belə baxanda heç adam vurana oxşamırsan... Necə oldu ki? – deyə bir gün soruşdum.

– Kostromaya, təcrübə mübadiləsinə göndərilmişdim. Atam o vaxt Leninqradda Yeyinti Sənayesi Nazirliyinin xətti ilə böyük vəzifə sahibi idi. Mən də ailənin yeganə övladı. Ərköyün böyütmüşdülər məni. Atam Kostromaya praktikaya gedəcəyimi eşidib bir ünvan vermiş, "əgər yataqxana xoşuna gəlməzsə, Vilayət Partiya Komitəsində çalışan filan adamın evlərinə get, mən də zəng edib tapşıraram" demişdi. Yataqxana həqiqətən xoşuma gəlmədi. İy-qoxudan baş çatlayırdı, yatacaq, “qnoynik” biabırçı halda idi. Üç gün sonra əlimdəki ünvana yollandım. Yaxşıca qarşıladılar məni... Ancaq "burada oturma, ora yaxşıdır, bunu yemə, onu ye" kimi süni, açıq-açığına yaltaqcasına münasibətdən bircə saatda iyrəndim və şam yeməyi qurtaran kimi xudahafizləşdim onlarla. Nə qədər yalvarsalar da, oturmayacağımı deyib qapıya doğru yönəldim. Şıdırğı yağış yağırdı...

Əlimə zorla çətir verdilər. İri, qara, əyilmiş taxta əltutanı və üstündə uzun mili olan çətir idi. O vaxtlar ancaq sanballı adamlar belə çətirlərlə görünərdi.

Onlardan çıxandan azacıq sonra yağış birdən-birə kəsdi. Çətiri yığışdırıb, parkın içərisi isə yataqxanaya doğru addımlayırdım.

Yağış dayanandan sonra ağacların altı ilə gəzməkdən çox xoşum gəlirdi. Hərdənbir qəflətən bədəninə düşən damcıdan diksinir, yenisinin nə vaxt, haraya damcılayacağını gözləyirsən...

Birdən ağacların altından iki oğlan çıxaraq, mənə sarı qaçdı. On dörd-on beş yaşları ancaq olardı... Məni qamarlayıb yıxmağa çalışırdılar. Var gücümü toplayıb, itələdim onları. Sağ qolumdan yapışmış yeniyetmə səntirləyib yıxıldı... Yerindən qalxıb yenə üstümə yeriyəndə əlimdəki çətirin ucu ilə vurdum onu. Milin sümüyə sürtünərək, nə isə yumşaq kütləyə batdığını özüm də hiss etdim. Oğlanın əynində yarımqol köynək vardı.

Sol qolumu və belimi yığışdırmış o birisi uşaq məni buraxıb yana çəkildi və barmağını yoldaşının sinəsinə tuşlayaraq:

– Çto tı nadelala, qadina? – deyə bir neçə dəfə bağırdı və qaçaraq parkdan getdi.

Mən hələ də nə hadisə baş verdiyini anlamırdım. Çətir arxası üstə uzanıb qalmış uşağın sinəsində yellənirdi.

Həmin gecə sübhədək yerimdə qurcalandım. Gah "səhər açılanda milis şöbəsinə gedib, hadisəni olduğu kimi danışacağam" deyə fikirləşir, gah da "axı bilərəkdən deyil, müdafiə xətrinə, təsadüfən olan hadisədir, özü günahkardır" fikri ilə özümə bəraət qazandırırdım.

Sübhə yaxın dərin yuxuya getdim və iki saat sonra üzümə dəyən xırda şillələrdən gözümü açanda otaqda bir neçə milis nəfəri gördüm...

Çətirin milini ürəyinə sancdığım oğlan həmin axşam evlərində qonaq qaldığım ailənin uşağı idi. Anası zorla əlimə vermişdi çətiri...

Məhkəmədə həmin qadın dil-boğaza qoymur, oğlunun yüksək əxlaqi keyfiyyətlərindən, dərs əlaçısı olduğundan, tərbiyəsindən danışırdı. Onun “podelnik”i isə "Biz zarafat etmək istəyirdik"deyə təkrarlayırdı...

– İki ay əvvələ kimi sevginin nə olduğunu bilmirdim. Dörd il müddətində müxtəlif yerlərə etap edilmişəm və hər dəfə də gözəlliyin bəzən xoşbəxtlikdən daha çox bədbəxtlik gətirdiyinin şahidi olmuşam. Hərdən nəyi isə yandırıb, üzümə yapışdırmaq istəmişəm... Amma yaxşı ki, bu addımı atmamışam.

Birlikdə olduğumuz vaxt doktorun "sən sevgi üçün, məhəbbət üçün yaranmısan. Sən SSRİ zonlarındakı gözəllərin gözəli, şahzadəsisən" kəlmələrindən sonra həyatın hələ qabaqda olduğu fikrindən dəli olmaq dərəcəsinə gəlirəm... Doğrudanmı məni hələ kim isə sevə bilər? – deyə Lyuba Sokolova gözlərini üzümə zilləyib soruşardı.

– Bəs atanız? O, gəlirmi yanınıza? – deyə bir dəfə də söhbət əsnasında Lyubadan soruşdum...

– Hə... Hər üç aydan bir dəfə gəlir. Məhkəməm sona yetəndən sonra onu da vəzifəsindən azad etdilər. Əvvəlki gəlişlərində iki dəfə anamı da gətirmişdi. Yazıq arvad bir ilin içində quruyub, çöpə dönmüşdü. Üçüncü dəfə atam yanıma gələndə onun gözlərindəki əzabdan, hüzndən başa düşdüm ki, anam artıq ruhunu bizə bağışlayıb. Atam mənə heç nə demədi, mən də soruşmadım. Boynumu qucaqlayıb hönkürdü, başımı sinəsinə sıxdı. Mənə elə gəldi ki, həmişə anamın baş qoyduğu, göz yaşı axıtdığı sinədən onun iyini aldım.

– Nə qalıb ki, bir il... Yenə qayıdarsan evinizə...

– Bəlkə də, qayıtdım, bəlkə də yox. Axı Vasili mənə heç nə deməyib. İki ay sonra onun cəza müddəti qurtarır, burada qalacaqmı? Axı onun Odessada arvadı var, – gözləri yaşarmış Lyuba sobanın ətrafına yığışan məhbus qadınlara tərəf addımladı. Düşərgədəki özfəaliyyət dərnəyinin solisti idi. Və həmişə o vaxtlar populyar olan mahnı ilə başlardılar oxumağa:

Ромашки спрятались, поникли лютики,

Когда застыла я, от горьких слов,

– sözlərindən sonra bütün barakdakı qadınlar

Зачем вы девушки, красивых любите,

Не постоянная, у них любовь...

– deyə elə yanıqlı-yanıqlı oxuyurdular ki...

Başlarını yelləyə-yelləyə oxuyurdular. Yumulu gözlərindən yaş süzülə-süzülə oxuyurdular.

Теперь меня не радует весна,

А виновата в этом ты, ты одна.

Çoxları yanaşı yaşadıqları kişi zonundan özlərinə qəlb sirdaşı seçmişdi və onlarla keçirdikləri dəqiqələri ömürlərinin ən yaddaqalan anları kimi xatırlayırdılar.

Özünə "dost" və heç olmazsa həftədə bir dəfə xısınlaşmağa imkan tapan qızlar çalışırdılar ki, uşağa qalmasınlar. O vaxtlar SSRİ-də abort, ümumiyyətlə, qadağan idi. Ancaq qadın qazamatındakı “bolniçka”nın (xəstəxana) genekologiya şöbəsində hər gün onlarla “zeçk”a bu proseduranın ağrı-acısını keçirib, qarınlarını qucaqlayaraq baraka qayıdırdı.


DYADYA VANYA VƏ TYOTYA VALYA

Barakdakı qadınların ən hörmətlisi altmış yaşında olan Valentina Alekseyevna idi. Qızlar onun xahişini yerinə yetirmək üçün növbəyə dayanardılar. İyirmi bir il idi Kolımadan tutmuş Vorkutaya qədər ən dəhşətli, gedər-gəlməz sayılan zonlarda oturmuşdu... Nijniy Novqorodda onu zorla yatağa sürükləyən konvoyu balıncla boğub öldürmüşdü... Altmış yaşında əsl məhəbbətin nə olduğunu hiss etmişdi. Kişi zonundan hər gün onun yanına öz kəndlərindən olan qarmonist gəlirdi...

Axşam saat səkkizdən onun yarısınadək yanaşı oturub, bir-birinə söykənərək qızardılmış kartoşkanı yeyər, sonra dyadya Vanya qarmonda çastuşkalar çalardı... Valentina Alekseyevna kürəyini onun kürəyinə söykəyərək oturardı. Qızlar rəqs edər, bir-bir yaxınlaşıb Vanya dayının qarmonu çaldıqca səssizcə oxuyan, tərpəşən dodaqlarından öpərdilər.

Dyadya Vanya ilə tyotya Valyanın harasa gözdən uzaq küncə çəkildiyini görən olmamışdı. Gələndən gedənədək bütün barakın gözü qarşısında oturardılar.

Ancaq miskadakı kartoşkanı yeyərkən biri-birindən gözlərini çəkmir, baxışları ilə heç dillə deyiləsi mümkün olmayan gecikmiş məhəbbətlərində əriyirdilər.

Tyotya Valya gah onun paltarlarını yuyar, gah yun corab toxuyardı. Haradansa tapdığı keçi dərisindən Vankaya canlıq (jilet) tikirdi.

Bir gün onun sümükləri bilinən çiyinlərini qucub soruşdum:

– Tot Val, qoca yaşında bu nə halətdir?

– Bütün ömrüm boyu qadın olduğumu hiss etməmişəm, Zinka. Əvvəldən də ehtiras hissi yad olub qəlbimə. Onun paltarını yuyanda, sırıqlısını yamayanda, ona kartoşka qızardanda kiməsə lazım olduğumu hiss edirəm. Hiss edirəm ki, qadınam. Birlikdə əlimizi uzatdığımız miska bizim nişan üzüyümüzdür. Onun kürəyinə söykənib oturanda bədənimi bürüyən istiliyi ancaq uşaqlıq bələyində hiss etmişəm. Gəncliyimdə buza dönmüş məhəbbətimin donu indi-indi əriyir...– dedi

Zonda qanun belədir ki, kimi kişi ilə tuturdularsa, uzağı bir həftə sonra onları ayırırdılar. Ya kişini, ya da qadını elə birinci etapla başqa yerə göndərirdilər. Vanya ilə Valyanın gecikmiş məhəbbətlərinin daha şən keçməsi üçün qadın zonunun rəhbərliyi onlar üçün xüsusi kartof, yağ payı ayırmışdı.

Elə bu vaxtlar eşitdik ki, Lyubanın sevgilisi Sokolov (həkim) “srok”unu başa vuraraq gedib. Onu gecə saat birdə buraxmışdılar, daha doğrusu, “voronka”ya basıb vağzala aparmışdılar.

Xəbəri dyadya Vanya öz baraklarına gedərkən onu ötürən tot Valyaya pıçıldamışdı. Valya xala da həyəcanla qayıdaraq artıq cərgəyə düzülmüş, "zaçem vı devuşki?" ilə axşam konsertinə başalmağa hazırlaşan Lyubanı barmağı ilə yanına çağırdı.

– Только что мне сообщили что, твой любимый подлец вчера ночью удрал, – deyə bərkdən qışqırdı... – Mən bunu ona görə hündürdən deyirəm ki, – sözlərinin arxasını gətirə bilmədi, qarını qəhər boğdu, – Ona görə hündürdən deyirəm ki, Lyubaşaya bir şey olsa, onun rəfiqələrinin hamısını boğub öldürəcəyəm. Жизнь продолжается, и я уверена что, она найдет свою любовь!

Она рождена для любьви!.. Оберегайте её.

Lyubanı qucaqlayaraq dəstənin ortasına gətirdi:

– Сегодня я начинаю, – deyə o, bir neçə dəfə boğazını arıtlayaraq cır səslə oxumağa başladı:

Прощай, прощай моя любовь, прощай,

Не надо мне больше скрывать печаль,

Не целовать мне больше губ твоих,

Я буду только вспоминать о них...

Mahnının yarısından Lyuba oxumağa başladı. Soyuq bəbəkləri dibi görünməyən qəm quyusu idi. Titrəyən dodaqlar arasından çıxan melodiya sanki yarıda boğulur, sonra yavaş-yavaş güclənərək hayqırtıya, haraya, hönkürtüyə çevrilirdi...

Mən bu səhnəyə baxa bilməyib, qapıya doğru qayıtdım. Ucarın Yuxarı Şilyan kəndindən Şahsoltan, Pirkənddən Rafiq adlı əsgərlər hərbi xidmətdə, karaul kimi həmin zonda idilər. Onlar yanıma gəlib, görüş otağında bir nəfərin məni görmək istədiyin dedilər.

Orada şıq geyimli, gözündə eynəyi olan bir kişi oturmuşdu. Məni görən kimi ayağa qalxıb həyəcanla:

– Mən Vasili Sokolovam. Tanımadınız? Həkim. Xəstəxanada... Lyubanı, Sokolovanı görmək istərdim, – dedi.

Danışa bilmədim... Əllərimlə basıb onu kürsüdə oturtdum. "Seyças, seyças" deyib dəli kimi baraka doğru qaçdım.

Vaskanın elə vağzaldanca qayıdıb gəldiyini deyəndə barakdakı qadın kütləsi görüş otağına tərəf axdı. İrəlidə Lyuba yüyürürdü. Ayağı ilişərək üzüqoylu yıxıldı və qalxaraq:

–Va – si – li! Vaаа – sя ! – qışqıraraq həkimin üstünə atıldı.

Onların görüşünü dil ilə təsvir edə bilmirəm... Bir-birinə sarmaşan Sokolovlar daşdan yonulmuş heykəl kimi tikanlı məftillər qarşısında qurumuşdular. Onları dövrəyə almış qadınların hönkürtüsü uzaqdan gələn şəlalə uğultusunu xatırladırdı... Həmin gecəni Sokolovlar görüş otağında keçirdilər.

... İrkutsk! Baykalın cənubundan başlanğıcını alan Anqara ilə üzüyuxarı şimala tərəf Yenisey çayı boyunca Dudenkoya qədər hamısı məhbus düşərgələri idi. Sibirin göbəyi sayılan bu ərazidə milyonlarla insan meşə qırır, mədən filizləri çıxarır, tikintidə qul kimi işləyirdilər.

İrkutsk şəhərində elə bir ailə tapmazdın ki, məhbəs həyatının ağrı-acılarını görməmiş olsun. Qadın “zeçka”lar düşərgə həyatını başa vurub, bu şəhərdə məskunlaşmağa çalışır, əksəriyyəti birbaşa hələ o vaxtlar açıqdan-açığa fəaliyyət göstərən pritonların "işçiləri"nə çevrilirdilər.

Burada zarafata salıb deyərdilər ki, "türmədə oturmayandan kişi olmaz". Əgər balanda yeməmisənsə, əsl borşun dadını, “srok” çəkməmisənsə, qanunların "aliliyi"ni hiss edə bilməzsən. Ailə quranların əksəriyyəti zonlarda tanış olub, ünsiyyət tapmış cütlüklər idi.

(Ardı var)

Şərhlər (0)

şərh əlavə et