Bahalaşmanın yeganə çarəsi maaşların artırılmasıdır? - AÇIQLAMA

Bahalaşmanın yeganə çarəsi maaşların artırılmasıdır? - AÇIQLAMA
"Ölkədə hazırda mövcud olan bahaçılıq, xüsusən çoxuşaqlı ailələri, həssas qrupları çətin bir vəziyyətə salıb. Demək olar ki, hər gün marketlərə gedən zaman qiymət artımının şahidi olursan. Elə bir gün olmaz ki, qiymət artımı olmasın. Amma insanların qazancı isə eyni vəziyyətdədir. Bu baxımdan həssas, ehtiyaclı qrupların, uşaqlı ailələrin vəziyyəti günü-gündən pisləşir. Onun üçün də təcili olaraq müəyyən addımlar atılmalıdır. Həmçinin, onlara müəyyən müavinətlərin, sosial paketlərin verilməsi və onların aldıqları müavinət, yardım və pensiyalarda da hiss olunacaq qədər artımın olunması vacibdir".

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Millət vəkili qeyd edib ki, bahalaşma fonunda ölkədə aztəminatlı ailələrə sosial yardım formasında dəstək olunmalıdır:

"Bu məsələ ilə bağlı hökumət də narahatdır, amma hesab edirəm ki, konkret addımlar atılmalıdır ki, bu insanların sosial vəziyyətini yüngülləşdirə bilək. Onların qazancını artırmasaq, alınmayacaq. Çünki qiymətləri aşağı salmaq mümkün deyil. Qiymətlər dünyada artır, Azərbaycan da bir çox məhsulları idxal edir.

Azərbaycanda enerji daşıyıcılarının qiyməti artdı, müxtəlif kommunal xərclərdə bahalaşmalar getdi, hətta gediş haqlarının artırılması ilə də bağlı söhbətlər gedir. Bunlar xüsusi şirkətlərdir və təbii ki, indiki bahalaşmada enerji daşıyıcılarının artması fonunda onların da qazancı azalıb və onlar da xərclərini çıxarmaq istəyirlər.

Əslində heç kimi qınamaq olmur. Belə bir vəziyyətdə qiyməti aşağı salmaq mümkün deyil. Demək ki, insanların qazancını artırmaq lazımdır. İnsanların da qazancını artırmaq üçün, dövlət büdcəsi hesabına həssas qrupların sosial rifahının yaxşılaşdırılması üçün ilk növbədə konkret olaraq sosial yardımların, sosial paketlərin qəbul olunması lazımdır. İkincisi isə, təbii ki, Azərbaycanda daha yaxşı iş mühiti, yeni iş yerləri yaradılmalı və kreditlərə əlçatanlıq təmin edilməliir.

Bunun başqa variantı yoxdur. Çünki, bir daha qeyd edirəm, qiymətləri aşağı salmaq mümkün olmayacaq. Bəzən bunu inzibati yolla aşağı salmaq istəyirlər, amma əks nəticə verir: məhsulların çəkisini azaldırlar, yaxud mağazada bir qiymət göstərib, kassada digər qiymət vurub, aldatma yoluna keçirlər. Bütün bunlar maddi durumu zəif olan insanlar üçün ciddi narahatlıq yaradır".

Şərhlər (0)

şərh əlavə et