Rəşad Dağlını türmədə nə gözləyir?

Rəşad Dağlını türmədə nə gözləyir?
“Sonuncu dəfə Azərbaycan həbsxanalarında kiminsə öldürülməsi ilə bağlı hər hansı bir məlumat eşitmisiniz? Şəxsən, mən yox. Çünki Azərbaycan təcridxanalarında məhbus həyatı yaşayan şəxslərin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. O baxımdan, o deyilən sözlərin hamısı cəfəngiyyatdan başqa bir şey deyil”. 

Bu sözləri açıqlamasında tanınmış vəkil Mehman Muradlı məşhur meyxanaçı Rəşad Dağlınının həbsinin motivləri barəsində danışarkən deyib:

“O ki qaldı cinayətin motivlərinə, düzünü deyim ki, mən o işin içində yoxam, ona görə də nə isə deyə bilmərəm. Lakin başa düşürəm ki, orada ehtimallar üzərində işləmək olar və s. Sadəcə, burada birmənalı bir şey var ki, Rəşad onu vurub, öldürüb. Amma onun motivi nədən ibarətdir, nəyə görə öldürübdür, onun səbəbləri də araşdırılacaq. Bu da tövsif məsələsinə görə lazım olur. Lakin ona 120.1-lə (qəsdən adam öldürmə) cinayət işi başlanıb. Amma bəzi informasiyalar da getdi ki, guya 14 bıçaq zərbəsi vurub. Bu da artıq çevirir 120.2.4-ə (xüsusi amansızlıqla qətlə yetirmə). Bunun da sanksiyası 14 ildən 20 ilə kimidir. Amma bu gün başqa məlumatlar da çıxdı ki, İsgəndər Mehdiyev onu şantaj edərək, pul tələb edirdi. Deyilənə görə, bıçaq Rəşadda yox, öləndə olub. O halda artıq tövsif başqa maddəyə çevrilə bilər”.

Vəkilə görə, istintaq materiallarının açıqlanmasının özü belə qanunsuzdur:

“Qapalı keçirilən məhkəmə iclasında həbs qətimkan tədbiri ilə bağlı hər hansı informasiyanın sızması məhkəmənin məsuliyyətsizli məsələsini ortaya çıxarır. Yəni bu qətimkan tədbirinə baxan məhkəmə bu informasiyanı çölə necə sızdıra bilər? Ya vəkilindən, ya məhkəmə iclas heyətindən, ya hakimdən, ya da həmin prosesdə iştirak edən prokurorluğun nümayəndəsindən bu məlumat bayıra çıxa bilər”.

Müsahibimiz bildirib ki, əgər müstəntiq bu informasiyanı mətbuata buraxıbsa, bunu məhkəməyə çıxmadan da edə bilərdi:

“Amma burada konkret məsələ qalır ya vəkilin, ya da məhkəmənin üzərində ki, onlar belə bir məsuliyyətsizliyə yol veriblər. Çünki qapalı keçirilən məhkəmə iclasının adı üstündədir, kimlərinsə orada dedikləri sözlərin hamısı qapalı şəkildə olur. İstintaq tam başa çatmayana kimi hər hansı bir informasiya verilə bilməz. Ümumi informasiya verilə bilər ki, istintaqın müddəti məlumdur, yaxud məhkəmə gedir və s. Məhkəməyə veriləndən sonra isə artıq istintaq sirrindən söhbət gedə bilməz ki, artıq bu proses yekunlaşıb və məhkəməyə verilibdir. Yəni ittiham aktı tərtib olunub və məhkəməyə verilib”.

“Bilirsiniz, bu məsələlər bir az qarışıqdır, çünki bunun müdafiəçisi, işi aparan müstəntiq və digər şəxslərin məsuliyyət məsələsi var. Doğrudur, 120.1-lə cinayət işi başlanıb, amma sabah o biri gün elə məsələlər ortaya çıxa bilər ki, işin tövsifi dəyişə bilər”, - yekunlaşdırıb.

Şərhlər (0)

şərh əlavə et