"Yorulub göydə Allah da"- Paşa Talıblı

"Yorulub göydə Allah da"- Paşa Talıblı


...alnımın sürreal eskizi

...yarı qürbət tənhalığı,
yarısı alın yazısı.
Olan alnımdan nə xəbər,
nə deyir yalın yazısı?

...acı rüzgarlar əsirkən
aç ovcunu gözünü yum!
...alnım qürbət günsüzlüyü,
gün çıxmaz alnımdan, yavrum!

...ay da doğmaz, yavrum, ay da!
Aysız-günsüz də yeri di!..
...macəra yeridi alnım
ya qərib güllə yeridi.
...gün doğmaz alnımdan, yavrum!


...qiyamət qurdu tək

...hamı çıxıb getdi mən yenə qaldım,
qaldım namlı-namlı qəmim içimdə.
...həzarat, yan alım hansı sahilə
sularım içimdə, gəmim içimdə.

Eh...qalıb getməmək fərmannandımı?
Mən hansı əsrin içində qaldım?
...hamı çıxıb getdi kəm-kəsiriynən,
mən kəmin, kəsirin içində qaldım.

Hamıyla getmədim mən yenə qaldım...
Amma gedə-gedə qalmaq olurmu?
...qurdnan qiyamətə qalmaq necədi?
Qurdnan qiyamətə qalmaq olurmu?


...yorular göydə Allah da

Bilmədim necə çıxdım...
...yolu yol deyil bu yolun.
...bu yola düşən gün deyil,
döyən yel deyil bu yolu.

...cığırımdan çıxdım, lələ!
Çıxammıram ta cığıra...
...bir yollu adam da yoxdu
məni bir yola çağıra.

Bir azdan hamı çəkilər,
alçağı- hündürü yatar.
...yorulub göydə Allah da,
günəşi söndürüb yatar.


Aran-dağ arası...

Xanədan Allahın xanədanıydı...
Yenə ağlar qalan anamız oldu.
...dünya dağılmadı köç-köç olanda,
dağılan xanəmir xanamız oldu.

...qara qaşın üstü qara yazımı?
...yermi qüsurludu göymü belədi?
...yaxasız köynəyi kim biçdi bizə,
yaxamızı belə kim düymələdi?

...dağınıq fikrimi bir yerə yığım;
bilmədim nagahan necə dağıldı.
...dağılan Arazı gördük-su kimi
aran- dağ arası Göycə dağıldı.

Paşa Talıblı

Şərhlər (0)

şərh əlavə et