Dünyanın gözü bu aksiyada olacaq: Güney azərbaycanlılar toplaşır - YER VƏ ZAMAN

Dünyanın gözü bu aksiyada olacaq: Güney azərbaycanlılar toplaşır - YER VƏ ZAMAN
“Son zamanlar İran ətrafında cərəyan edən hadisələr ölkənin gələcəyi və xalqların taleyi ilə bağlı ciddi narahatlıqlara əsas yaradır. 

Bir tərəfdə İranda hakim molla rejiminin azadlıq və ədalət prinsiplərini tapdalaması, digər tərəfdən fars şovinizm sisteminin milli haqları qəbul etməməsi o, coğrafiyada yaşayan xalqların, o cümlədən, ölkə əhalisinin az qala yarısını təşkil edən Azərbaycan türklərinin getdikcə məhv olmasına gətirib çıxarır. Beş aydan çoxdur ki, ölkə daxilində rejimə qarşı üsyanlar başlayıb. Hakimiyyət qüvvələri etirazçılara qarşı qəddarcasına davranır, heç bir cinayətdən çəkinmir. 

Günahsız insanları sadəcə etiraz etdiyinə görə güllələyir, edam edir. O cümlədən, aksiya iştirakçılarına qarşı heç bir cinayətdən və zorakılıqdan çəkinmir. On minlərlə həbs edilən, minlərlə öldürülən və yaralananlar gənc hakimiyyətin zorakılıq siyasətinin, cinayətinin qurbanı olub. Son 43 ildə teokratik qüvvələr hakimiyyəti bütünlüklə əlində saxlayıb, xalqın hakimiyyətdə iştirakını təmamilə məhdudlaşdırıb. Öz iqtidarları uğrunda bütün növ cinayətlərə əl ataraq xalqa qarşı divan tutublar”. 

KNN.AZ xəbər verir ki, bu “Azadlıq və Ədalət” yürüşünün Koordinasiya Mərkəzinin Azərbaycan xalqına, mediaya, siyasi və ictimai təşkilatlara müraciətində yer alıb:

“Lakin bütün təzyiqlərə və rejimin qəddarlığına baxmayaraq, xalq canı və qanı bahasına etirazları davam etdirib, mövcud rejimin məşrutiyyətini dağıtmağı bacarıb. Artıq, islam adı ilə iqtidarlarını təmin edən qüvvələr, İranda yaşayan xalqlar tərəfindən qəbul edilmir. İqtisadiyyatın bərbad durumda olması, insan haqlarının kobudcasına pozulması, qeyri-fars millətlərin assimilyasiyasının sürətlənməsi, ekoloji fəlakətlər, eləcə də rüşvətxorluq və korrupsiyanın bütün sahələrə yayılması, hakimiyyət mənsublarının ailə üzvlərinin mal varlıqlarının qanunsuz olaraq günü-gündən artması, cinayət, fəqr, fəhşa kimi sosial problemlərin adi hal alması - minlərlə bu kimi həlli mümkün olmayan mövzular İslam hakimiyyətinin 43 illik fəaliyyətinin acınacaqlı nəticələri, görünən üzüdür. 

Azərbaycan türkləri son 100 ildə öz müqəddəratını təyin etmək və İranda olan diktator rejimləri dəyişmək məqsədi ilə dəfələrlə ayağa qalxsa da, qətliamlar, rejimin aldadıcı siyasətləri və xəyanətləri ilə üzləşib. Bu səbəbdən İranda gedən son etirazlarda azərbaycanlılar öz mövqeyini açıq şəkildə ortaya qoyub. Etirazlara öz istək və tələbləri ilə çıxıb, şüarlarını səsləndirib. Hədəflərinə çatmaq uğrunda qətiyyətli şəkildə mübarizəsini davam etdirir”. 

Müraciətdə bildirilir ki, İranda Azərbaycan türklərinin iştirakı olmadan hər hansı bir dəyişikliyin olması mümkün deyil: 

“Azərbaycan türkləri isə artıq özünü digər siyasi cərəyanların mənafeyinə qurban vermək niyyətində deyil. Ona görə də meydana qədəm qoyub milli tələb və istəklərini dilə gətirir. “Azadlıq, Ədalət, Milli Hökumət” Güney Azərbaycan türkləri tərəfində səsləndirilib və İranda yaşayan digər xalqlara da açıq yol göstərib. Bütün İran xalqları öz müqəddəratını təyinetmə hüququna malik olmadığı təqdirdə, bir-birini dəyişən fərqli geyimli farsmərkəzli şovonizminin diktaturasından qurtarmaq mümkün olmayacaq. Onlar formaca fərqli olsa da mahiyyətcə eyni qüvvələrdir. 

Molla paltarında deyil, şahçı və ya solçu – islami düşüncəli mücahidlər formasında hakimiyyətə can atan qüvvələr indiki siyasi sistemin yaradıcıları olduğu kimi davamçısı da olmaq istəyirlər. Lakin Azırbaycan türkləri buna heç zaman yol verə bilməz. Azərbaycan türkləri özlərinin varlığını və milli kimliyini qorumaq uğrunda mübarizələrini daha mütəşəkkil formada, təşkilat və siyasi qüvələrinin birliyi ilə böyük əzm və iradə ilə davam etdirmək niyyətindədir. Buna əngəl olan hər bir cərəyan və qüvvələr düşmənçilik məqsədi daşıyır”. 

Müraciət müəllifləri bunları nəzərə alaraq martın 25-də  Brüsseldə yürüş anonsu verib:

“Harda yaşamağmızdan, harda doğulmağımızdan, siyasi düşüncəmizdən dini və fəlsəfi baxışımızdan asılı olmayarq hər birimizin bu etiraz aksiyasında iştirak etməsi vacib və zəruridir. Bütün dünyanın gözü üstümüzdə olduğu bir zamanda, İrandaki hadisələrin böyük güclər tərəfindən təhlil edildiyi məqamda Brüsseldə izdihamlı mitinq keçirməyimiz şərəf və ləyaqət məsələsidir. Bütün təşkilat və qurumlardan mitinqə qatılmasını xahiş edirik. Dünya mediası ilə yanaşı, vətənimizin müstəqil olan hissəsində fəaliyyət göstərən media mənsubları və sivil toplum təşkilatları, eləcə də xalqımızın bütün nümayəndələrinin mitinqdə olması böyük önəm daşıyır. 

Güney Azərbaycanın qurtuluşu naminə imkanı olan hər biri kəsin mitinqdə olması xarici güc mərkəzlərin xalqımıza dəstəyi və İranda irticaçı qüvvələrin gücümüzü görməsi baxımından çox önəmlidir. Vaxt güc nümayişı zamanıdır. Biz isə həqiqi gücümüzün nələrə qadir olduğunu bütün dünyaya nümayiş etdirməliyik. Görüş yerimiz: 25mart, 2023-cü il, yerli vaxtla saat 14:00-17:00 arası, Belçikanın paytaxtı Brusslede Place Schuman Parlamentinin önü olacaq. “Azadlıq və Ədalət” yürüşü Belçikanın Brüssel şəhərində keçiriləcək”.

Bütün soydaşlarımıza bildirilib ki, aksiya 25mart, 2023-cü il, yerli vaxtla saat 14:00-17:00 arası olacaq. Yürüşün başlanğıc yeri, Place du Luxembourg, mitinqin yeri isə Place Schuman Parlamentinin önündə nəzərdə tutulub.   /Cebhe.info/

Şərhlər (0)

şərh əlavə et