Metrodan istifadə edənlər üçün XƏBƏR VAR - Köhnə qatarlar...

Metrodan istifadə edənlər üçün XƏBƏR VAR - Köhnə qatarlar...
İlin isti ayları gələndə Bakının nəqliyyat sisteminin şah damarı hesab olunan metronun köhnə vaqonlarındakı kondisioner problemi yenidən gündəmə gəlir. Köhnə vaqonlarda, və ya platformalarda nəfəs almaq çətinləşir. Metropolitenə gətirilən müasir qatarlar kondisionerlə təmin olunsa da, hələ də metroda fəaliyyət göstərən bir sıra köhnə vaqonlar var ki, onlarda bu funksiya mövcud deyil.
Bəs həmin qatarlar yay aylarında kondisioner sistemi ilə təmin oluna bilərmi?

Məsələ ilə bağlı Referans-a danışan Bakı Metropoliteni Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov köhnə tipli qatarlara kondisioner sisteminin quraşdırılmasının mümkünsüz olduğunu deyib:

“Köhnə vaqonlara kondisioner sisteminin tətbiqi ilə bağlı dünyanın ən məşhur metro istehsalçısı olan şirkət və müəssisələrlə əlaqə saxlamışıq, lakin bizə bu prosesin  mümkün olmadığını deyiblər. Təəssüf ki, vaqonu biz müasirləşdirə bilirik, yeganə problem sadəcə kondisionerlə bağlıdır ki, bu sistem demək olar ki, mümkün deyil. Bunun gerçəkləşməsi üçün təsəvvür edin ki, bir vaqonun iki tərəfinə 400 litrlik soyuducu çənləri qoyulmalıdır. Bu da həmin vaqonun tarazlığını pozur. Qatarın konstruksiyası yenidən layihələndirilməlidir, vaqonun içi sökülüb təzədən yığılmalıdır, əlavə elektirik xətləri çəkilməlidir və bunlardan başqa bir sıra işlər görülməlidir. Bir sözlə elə hesab edin ki, yenidən vaqon istehsal etməlisən. Bu da faktiki olaraq mümkün olan bir şey deyil. Metropolitenə müasir qatarlar cəlb olunur və belə düşünürəm ki, çox uzun çəkmədən metroda fəaliyyət göstərən bütün qatarlar müasir olacaq və köhnə qatarlardakı kondisioner problemi də aradan götürüləcək. Ümumən metropolitendə 229 vaqon fəaliyyət göstərir. Gün ərzində yaşıl və qırmızı xətlərdə 40-46 qatar hərəkət edir və bunların 23-ü müasir standartlara cavab verən yeni qatarlardır".

Şərhlər (0)

şərh əlavə et