Gilavar Foto Klubunun veb-saytı istifadəyə verilib

Gilavar Foto Klubunun veb-saytı istifadəyə verilib
“Gilavar Foto Klubu” İctimai Birliyinin yeni tərtibatda hazırlanmış gilavar.az veb-saytı istifadəyə verilib.

İctimai Birlikdən KKN.AZ-a bildirilib ki, saytda “Gilavar Foto Klubu”nun fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi layihələr, fotomüsabiqələr və sərgilər barədə məlumatlar yer alıb. Sayt “Gilavar”, “Təşkilatlar”, “Layihələr”, “Üzvlər”, “Xəbərlər”, “Foto” və “Video” bölmələrindən ibarətdir.

Veb, mobil və planşet versiyalarında hazırlanan saytın tərtibatında əsasən tünd mavi və ağ rəng çalarlarından, sadə və oxunaqlı şriftlərdən istifadə olunub.

“Gilavar” bölməsində Birliyin yaranması və fəaliyyəti, İdarə Heyəti və katibliyi haqqında məlumatlar, hesabatlar və klubun uğurları yer alıb.

“Üzvlər” bölməsində Birliyin üzvləri barədə məlumatlar, üzvlüyə qəbul qaydaları və şərtləri, “Layihələr”də isə klubun gördüyü işlər, həyata keçirdiyi layihələr, fotomüsabiqələr və sərgilər barədə məlumatlarla tanış olmaq mümkündür.

“Foto” və “Video” bölmələrində klubun fotoqraflarının müxtəlif tədbirlərdə çəkdikləri fotolar, reportajlar, Birliyin informasiya dəstəyi göstərdiyi tədbirlərindən olan keyfiyyətli fotolar, klubun həyata keçirdiyi layihələrin, tədbirlərin videoçarxları yer alıb.

“Xəbərlər” bölməsində azərbaycanlı fotoqrafların uğurları, ölkədə foto sənəti və fotoqrafiya ilə bağlı əhəmiyyətli tədbirlər, Birliyin üzvlərinin iştirak etdiyi tədbirlərdən fotoinformasiyalar, klubun press-relizləri, elanlar və digər məlumatlar təqdim olunur.

Bundan əlavə, elanlar, klubun göstərdiyi fotoxidmətlər, ianə sistemi köməkçi bölmələri də mövcuddur. Ziyarətçilər saytın ianə sistemi səhifəsinə daxil olaraq Birliyin bank hesabına pul formasında və ya mal, məhsul, əmlak şəklində ianə etməklə Azərbaycan fotoqrafiya sənətinə dəstək göstərə bilərlər. Həmçinin müxtəlif dövrlərə aid fotoaparatlar, fototexnikalar, fotoşəkillər, neqativlər, tarixi fotolar hədiyyə etmək də mümkündür.

Qeyd edək ki, “Gilavar Foto Klubu” İctimai Birliyi 2017-ci il 1 dekabr tarixində tanınmış fotoqraflar Dilavər Nəcəfov və Rəşad Mehdiyev tərəfindən təsis edilib. 2022-ci il yanvarın 17-də dövlət qeydiyyatına alınıb. Hazırda birliyin 40-dan artıq üzvü var.

Şərhlər (0)

şərh əlavə et