“İran Arazdan şimala doğru silah tuşlamağa cəhd etsə, bu, Tehran üçün fəlakət olacaq” – SƏRT MÖVQE

“İran Arazdan şimala doğru silah tuşlamağa cəhd etsə, bu, Tehran üçün fəlakət olacaq” – SƏRT MÖVQE
ABŞ Dövlət Departamentinin İran qarşısında Azərbaycanın yanında olmağa davam edəcəyini açıqlaması gündəmin ən çox müzakirə edilən mövzusuna çevrilib. Dövlət Departamentinin sözçüsü Ned Praysın bu istiqamətdə fikirlər səsləndirməsi Tehranda əməlli-başlı təşviş yaradıb.

Mövzunu şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Dövlət Departamenti rəsmisinin açıqlamasında İranın bölgə və qonşuları üçün yaratdığı təhdidlərdən bəhs edilir: “Bunun qarşısının alınması üçün ABŞ-ın səy göstərəcəyi bildirilir. Çünki İran bölgə üçün təhdid rolunu oynayır. Rəsmi Tehran Ermənistan istisna olmaqla digər qonşuları ilə ciddi problemlər yaşamaqdadır. Yəni qonşularının daxili işlərinə qarışmaqda, orada dini eksterimizmi yaymaqda, bundan başqa həmin dövlətlərin ərazisində casus şəbəkələri yaradıb təxribatlar törətməkdə maraqlıdır. Buna görə də, qonşuları ilə çox ciddi problemləri mövcuddur. Digər tərəfdən İranın nüvə proqramı həm regional, həm də qlobal səviyyədə təhdidlər yaradır. Bu da Amerika və digər böyük dövlətləri qıcıqlandırır. Yəni ABŞ İranın Yaxın və Orta Şərqdəki destruktiv fəaliyyətinə və ekspansionist siyasətinə, həm də nüvə narahatlıqlarına görə Tehranın qarşısındadır. Eyni zamanda İranın rəsmi doktrinasının İsraili bir dövlət kimi tanımaması da, ABŞ-ın hazırkı mövqeyində ciddi rol oynayır. Çünki İsrail ABŞ-ın Yaxın və Orta Şərqdəki ən yaxın müttəfiqidir. Təbii ki, ABŞ səsləndirilən bəyanatlara uyğun olaraq İranın təhdidlərinə qarşı adekvat tədbir görsə, bu, müsbət hal kimi dəyərləndiriləcək”.

Politoloq əlavə edib ki, ABŞ-ın mövqeyi Azərbaycan üçün də uyğundur: “Hərçənd rəsmi Bakı bu günə qədər İranla münasibətlərində yumşaq davranıb və qonşuluq münasibətlərinin pozulmasını istəməyib. Lakin İranın bunu anlamadığı, Azərbaycana qarşı açıq şəkildə düşmən mövqeyi bəslədiyi ortadadır. Bu baxımdan Azərbaycan öz milli maraqlarını və təhlükəsizliyini qəti şəkildə qoruyacağını nümayiş etdirdi. Bununla bağlı ən yüksək səviyyədə fikirlər səsləndirildi. Bir sözlə ABŞ rəsmisinin bu açıqlaması çox vacibdir. Amma əməllə səsləndirilən fikirlər üst-üstə düşməlidir. Belə olan halda təkcə Azərbaycan üçün yox, bölgə üçün də önəmli bir hadisəyə çevriləcək. Amma əgər İran Arazdan şimala doğru silah tuşlamağa cəhd etsə, bu, Tehran üçün fəlakət olacaq”.

Şərhlər (0)

şərh əlavə et