İrəvan Zəngəzur dəhlizinin "yükünü" İrana ötürdü - Bakıya hücumlar olacaq

İrəvan Zəngəzur dəhlizinin "yükünü" İrana ötürdü - Bakıya hücumlar olacaq
Ötən gün Türk Dövlətlərinin liderləri Səmərqənddə Təşkilatın IX Zirvə Görüşü çərçivəsində növbəti dəfə bir araya gəldilər. Bu dəfə daha güclü, daha təşkilatlanmış şəkildə...

Belə görünür, Altay dağlarından Egey dənizinə, Şimaldan Ural dağlarına, Cənubdan Əfqanıstan, Çin sərhədlərinə qədər uzanan, 200 milyondan çox insanın yaşadığı geniş coğrafiyanı əhatə edən, geniş maddi resurslara, zəngin mədəniyyətə, ortaq dəyərlərə, möhkəm tarixi bağlara malik olan böyük türk dünyasının birliliyi dosta güvən, düşmənə dərd verməyə başlayıb.

Bəli, bu gün Türk Dövlətləri Təşkilatının güclənməsi, koordinasiya olunması, təşkilat nəzdində ölkələrin əlaqələrinin inkişafı diqqətdən yayına bilməz. Bu da "Turan" ideyasının gerçəkləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biridir.

Şübhəsiz ki, bu məsələdə Azərbaycanın payı misilsiz oldu. Belə ki, həmişə Türk Dünyasının sıx birləşməsinə öz töhfəsini verən Azərbaycan 2 il əvvəl 30 illik işğala son qoymaqla ərazilərini düşmən tapdağından azad etməklə, ərazi bütövlüyünün bərpasını təmin etməklə bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbə ilə Türk Dünyasının birliyinə mühüm töhfə verməyi bacardı. 

Vətən müharibəsindəki tarixi Zəfər bütün qardaş xalqların və dövlətlərin bir araya gəlməsinə, bölgədə yaşayan bütün xalqların təhlükəsizliyinə, firavan həyatına təminat verən əməkdaşlıq modelinin ortaya çıxmasına zəmin yaratdı. Türk dövlətlərinin inteqrasiyası və yaxınlaşmasında dövlət başçılarının şəxsi keyfiyyətləri və töhfələri şübhəsiz ki, önəmli məsələdir.

Bu istiqamətdə xarici siyasətdəki fəaliyyəti prioritetə çevrilən İlham Əliyev ötən gün Səmərqənddə çox önəmli açıqlamaları ilə diqqət mərkəzinə düşdü. Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı ilk diqqətçəkən məqam onun türk dövlət başçılarını Qarabağa və Şərqi Zəngəzura dəvət etməsi oldu ("Mən digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət edirəm").

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərə vaxtaşırı diplomatik korpus nümayəndələrinin, hərbi attaşelərin, media mənsublarının, blogerlərin, həmçinin siyasi şəxslərin səfərlərini təşkil edən rəsmi Bakı, bununla da bütün dünyaya işğalçı və işğala məruz qalan arasındakı real fərqi göstərməyə çalışır.

Dövlət başçısının bu açıqlamasından gəlinən qənaət belədir ki, Azərbaycan üçün bu məsələdə əsas prioritet dövlət başçılarının Qarabağa səfərlərinin təşkilidir. Təsadüfi deyil ki, Prezident xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad olunmuş torpaqlara üç dəfə səfər etdiyini, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olduğunu vurğuladı. O, bununla digər türk dövlət başçılarının da Türkiyə dövlət başçısının bu addımını təkrarlamağa çağırdı. Əliyev eyni zamanda bununla Türk Dövlətləri Təşkilatının liderlərinə Qarabağa, həmçinin Şərqi Zəngəzura rahatlıqla gələ biləcəkləri mesajını verdi. 

Dövlət başçısının növbəti mesajı isə heç şübhəsiz ki, Ermənistana və ona havadarlıq etmək sevdasını açıq-aşkar nümayiş etdirən qüvvələrə oldu. İlham Əliyev Praqa və Soçi görüşlərinin nəticələri ilə bağlı da önəmli mesajlar verdi. Dövlət başçısı qeyd etdi ki, bu görüşlər zamanı Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyıb. Qarabağı Azərbaycanın ərazi bütövlüyündən kənarda təsəvvür etməyin mümkünsüz olduğunu nəzərə alsaq, belə nəticə çıxır ki, Paşinyan indi yenidən əl meymunu kimi ondan istəniləni etməyə çalışır.

Azərbaycan Prezidenti çox yaxşı bilir ki, bundan sonra da rəsmi Bakıya hücumlar olacaq, əvvəlkindən daha intensiv, daha sərt. Amma Bakı da sərt üzünü göstərməyə başlayıb.

Əliyev beləcə, bəyan etmiş oldu ki, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin Bakı ilə İrəvan münasibətlərinin gələcəyi ilə bağlı sərsəmləmələri heç bir nəticə verməyəcək. Çünki Ermənistan istər 10 noyabr üçtərəfli bəyanatı ilə, istərsə də Soçi və Brüssel görüşləri zamanı üzərinə çox vacib öhdəliklər götürüb. Paşinyan hakimiyyətinin bu öhədlikləri icra etməkdən başqa heç bir alternativi qalmayıb.

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrin məktəblərində öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur", - açıqlamasında da Azərbaycan Prezidentinin bu ismarıcı kimə ünvanladığı bəs-bəllidir.

Sirr deyil ki, ölkə başçısı "40 milyon azərbaycanlı" deyərkən konkret olaraq İran əsarətindəki cənubi azərbaycanlıları nəzərdə tutdu. Çünki faktiki olaraq məhz İranda 40 milyon cənubi azərbaycanlı bu gün öz ana dilində təhsil ala bilmir. Buna baxmayaraq, İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbi var.

O Ermənistan ki, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə necə dost ola bilər?! Bəs niyə məscidləri dağıdan, dini abidələrə qarşı vandallıq əməlləri törədən, inanc yerlərimizdə - məscidlərdə donuz, inək saxlayan Ermənistana molla-fars rejimi qucaq açıb, onları bağrına basır? 

Lakin Ermənistana olan münasibətdən fərqli olaraq molla rejimi azərbaycanlılara qarşı kütləvi repressiyalar təşkil edir, gəncləri sırf ana dillərində danışmaq, təhsil almaq istəmələrinə görə həbsə atıb, işgəncələr məruz qoyur. Bu deyilənlərlə bağlı kifayət qədər faktlar mövcuddur.

Prezident onu da qeyd edib ki, "Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi vətənləri ilə əlaqələri heç vaxt kəsməmələri üçün səylərimizi davam etdirəcəyik".

Prezidentin bu çıxışı həm də güneydəki soydaşlarımıza "yanınızdayıq" mesajıdır. Həmçinin onu demək olar ki, Cənubi Azərbaycanın müstəqil olması, yaxud ən azı hüquqlarının bərpasının zamanı çatıb və rəsmi Bakı Təbrizə bu istiqamətdə dəstək verməyə hazırdır.

Dövlət başçısı bu çıxışı ilə həm də güneydəki soydaşlarımıza "sonuna qədər yanınızdayıq" mesajı verdi. Əliyev molla rejiminə xatırlatmış oldu ki, Güney Azərbaycanın müstəqilliyi məsələsi, yaxud ən azı hüquqlarının bərpasının zamanı çatıb.

Şərhlər (0)

şərh əlavə et