“Xankəndidə azərbaycanlılarla ermənilər bir yerdə yaşayacaq”

“Xankəndidə azərbaycanlılarla ermənilər bir yerdə yaşayacaq”
“Prezidentin Qarabağa Böyük Qayıdışın I mərhələsi ilə bağlı qəbul etdiyi qərarda 2025-ci ilə qədər Xankəndidə reallaşdırılması planlaşdırılan layihələr var”. 

Bu sözləri açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Analitik Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi planına münasibət bildirib.

Siyasi təhlilçi deyib ki, eyni zamanda Ağdam və Ağdərə arasındakı dəmiryolu xətti və digər məsələlər də buraya daxil edilib:

“Əlbəttə ki, burada təəccüblü heç bir məsələ yoxdur. Çünki Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycan əraziləridir və Azərbaycan artıq yaxın illərdə Böyük Qayıdış prosesini gerçəkləşdirərkən həmin ərazilərdən məcburi köçkün düşmüş, habelə ermənilər tərəfindən terrora məruz qalmış və öz doğma yurd-yuvalarını tərk edən soydaşlarımızın qayıdışını prioritet məsələ oalraq nəzərdən keçirir”. 

Politoloqa görə, nəzərə almaq lazımdır ki, Böyük Qayıdış prosesi həyata keçirilərkən mütləq şəkildə qayıdışın reallaşacağı bölgələrdə vacib həyat strukturları formalaşdırılmalıdır:

“Əlbəttə ki, hazırda Xankəndidə müəyyən xarici qüvvələr tərəfindən idarə olunan separatçı dəstələr mövcuddur və həmin dəstələr Azərbaycanın bütün sülh çağırışlarına rəğmən, müxtəlif xarici güc və təzyiq vasitələrinin oyuncağına çevrilərək hansısa bir gərginlik ocağı yaratmağa çalışırlar. Lakin Azərbaycan dəfələrlə bildirib ki, Qarabağ ermənilərinin taleyini, ancaq Azərbaycan müzakirə edə bilər. Eləcə də Qarabağda yaşayan ermənilər də digər Azərbaycan vətəndaşları kimi dövlətimizin bütün vətəndaşlarımız üçün təklif etdiyi hər bir yeniliklərdən və imkanlardan yararlana bilərlər. Ona görə də, əlbəttə ki, Xankəndi və ətrafında əli Azərbaycan xalqının qanına bulaşmamış ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası vacibdir”.

“Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələrindən sonra Xankəndi və ətrafındakı ermənilər oradan didərgin salınmış azərbaycanlılarla bir yerdə Azərbaycan vətəndaşlığı altında yaşayacaqlar. Bu prosesin əleyhinə göstərilən fəaliyyətlərin isə heç nəticəsi olmayacaq. Çünki Xankəndi də daxil olmaqla bütün Qarabağ ərazisi Azərbaycan torpaqlarıdır. Bir daha qeyd edirəm ki, Azərbaycan ərazilərinin gələcəyi və ümumiyyətlə, Azərbaycanın suverenliyi heç bir halda pozula bilməz”, - yekunlaşdırıb.

Şərhlər (0)

şərh əlavə et