Paşa Talıblı: "Tənha yerdi yer üzü...ah!"

Paşa Talıblı: "Tənha yerdi yer üzü...ah!"
Qəm köynəyi...

Təzədən yarat məni,
təzə nəfəs ver, Tanrım!
...canımda nəsə çatmır,
canından kəs ver, Tanrım!

...göstərmə nə verirsən,
dinib-danışma, sus, ver!
...bir az qanından tök, ver,
bir az ətindən kəs, ver!

Təzədən düz-qoş, yarat...
Eləmə kasad məni!
Eh, canın ağrımamış
canından kəs at, məni!

...qəm köynəyi köhnəyəm,
təzədən yarat məni!


Liman...

Bu qəmin iki üzü var-
bir üzü eşq, bir üzü ah!
...könül deyilən limana
bu eşq ilə bir üzür ah.

...köhnədi damı dünyanın,
damından damır dünyanın.
...dərddi adamı dünyanın;
duruşu dərd, yürüşü ah!

...izdiham nədir, göy nədir?
...yaranın yeri göynədir!
...göy də, Allah da göydədir!
Tənha yerdi yer üzü...ah!


Sonuncu nağıl...

Nə qədər nağıla çənə söykədik...
...nə bilim- Ay həzin, yar da süslənir.
Deyirlər, çarə yox olacağa da...
Çarəli olacaq harda süslənir?

Nağıl söyləyənin yüyrəkdi dili-
elə birini də çənə söylədi.
...boşuymuş nağılı boş qəsrlərin!
Nə qədər nağıla çənə söykədik...

...bütlərin tarixi nağıldı, qardaş!
Kim icad elədi ömürdən bütü?
...ömür- billah bitməz ömür bitməsə-
sonuncu nağıl da ömürnən bitir!


Ayranaşı...

And olsun bu vaxta, yiyəsinə də!
Qışı ufuldamaq yazı sızlamaq...
...ayrana ayıran demək lazımmış!
Aşığa nə lazım sazı sazlamaq...

And olsun bu cırıq-sökük əynimə!
Keçər bu minvalla min hədə-qorxu...
Elə ayran dedim, ayran eşitdim!
"...ayıran, demədim mən Dədə Qorqud!"

Yenə misraların izdihamıydı
qələm nümunəvi davranışıyla...
Şadyana şerim də kef eləyirdi,
bayram eləyirdi ayranaşıyla.


Tacqoyma mərasimi...

Bax, bu da otların qalxan boyları-
qat-qat, addım-addım yazı basırdı.
...qala divarları asılqandımı?-
fərraş fərmanları yazıb asırdı.

Bu necə tacqoyma mərasimiydi?..
Bu yaz da güllərə köçürdün, yoxsa?!
...tac sevən bir qoca kərpickəsəni
daşyonan yerinə seçirdin, yoxsa?!

Ümid kəllələri qızıl ləyəndə!..
...baxmaq görməməkdən uzundu bəlkə?
Bir cüt tac gözünlə tacqoyma günü
Günəşə baxırdın bilirəm, ölkəm!

Paşa Talıblı

Şərhlər (0)

şərh əlavə et